Haqqımızda

 Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.

Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.

1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.

Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.

1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları  yerinə yetirmişdir.

1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.

1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.

Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.

80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.

Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.

Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər  Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.

Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.

Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.

Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.

Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.

Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.

1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.

İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Haqqımızda
banner image

Xəbərlər

ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib

ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin  sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub. Gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən A.Paşayev bildirib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq. O bildirib ki, “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacaq. Sonra tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib. A.Paşayev konfransın yüksək səviyyədə təşkil edilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.  IMG_0061.JPG 1.14 MB

28.08.2024

AHİK-in növbədənkənar VII qurultayı keçirilib

AHİK-in növbədənkənar VII qurultayı keçirilib

Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII qurultayı keçirilib.AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, qurultayın Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. qurultayın gündəliyinə təşkilati məsələ daxil edilib.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Konfederasiyaya rəhbərlik etdiyi ötən müddət ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən, həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə atılmış real addımlardan danışıb, göstəriciləri səsləndirib, eləcə də Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzundan bəhs edib.Sonra Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verdiyini açıqlayıb. Onun istefası səsə qoyulub və qurultay iştirakçıları tərəfindən qəbul edilib.Qurultayda AHİK-in sədri vəzifəsinə seçki keçirilib. Sədr vəzifəsinə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qurultay nümayəndəsi Sahib Əli oğlu Məmmədovun namizədliyi irəli sürülüb və o, açıq səsvermə qaydasında yekdilliklə AHİK-in sədri seçilib.Sahib Məmmədov ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, Azərbaycan həmkarlar ittifaqlarının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində səylə çalışacağını vurğulayıb. Bildirib ki, Konfederasiyanın fəaliyyətində bundan sonra da şəffaflıq, bərabərlik, inklüzivlik təmin etdiriləcək, qabaqcıl təcrübələr tətbiq olunacaq, xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlər genişləndiriləcək, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılması naminə real addımlar atılacaq.1-4.jpg 91.07 KB3-4.jpg 78.2 KB5-4.jpg 123.04 KB6-4 (1).jpg 62.3 KB7-3 (2).jpg 101.87 KB

26.08.2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin II Məclisi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin II Məclisi keçirilib

Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib. ATİAHİ-nin sədri sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib. İclasda təşkilati məsələyə baxılıb.Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.ATİAHİ-nin yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını vurğulayıb.1-3.jpg 187.78 KB6-3 (1).jpg 230.29 KB4-3.jpg 109.62 KB7-2 (1).jpg 116.95 KB2-3.jpg 328.48 KB5-3 (1).jpg 168.31 KB3-3.jpg 461.07 KB

22.08.2024

Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunun açılışı olub

Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunun açılışı olub

İyulun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində yeni tikilən korpusun açılışı olub.Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.AHİK sədri binaya baxış keçirib. Bildirilib ki, üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si 3 nəfərlik, 33-ü isə 5 nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub.Konfederasiya sədri istirahət mərkəzinin ərazisində yeni tikilmiş 2 kotecin də açılışını edib. Məlumat verilib ki, koteclər ikimərtəbəlidir və hər kotec 10 nəfər üçün nəzərdə tutulub (ümumilikdə 20 nəfər). Koteclərdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.Bunlardan başqa, mərkəzin ərazisində istirahət edənlərin çimib sərinləməsi üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırı təmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya əməliyyatları aparılır.Həmçinin istirahət məkanının yeməkxanası və mətbəxi yenidən təmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarından dadırlar.Yeni tiklilərlə tanışlıqdan sonra Konfederasiya sədri Səttar Möhbalıyev istirahət mərkəzinin ərazisini gəzib, korpus otaqlarına və kotteclərə baxıb, ittifaq üzvlərinin dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub. Həmçinin sədr mərkəzdə dincələn insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib. AHİK sədri mərkəzin rəhbərliyinə texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunması barədə tapşırıqlarını verib.Sonda AHİK sədri Səttar Möhbalıyev jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, 2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir: “Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir”.Səttar Möhbalıyev əlavə edib ki, təhsil işçilərinin, eləcə də həmkarlar ittifaqlarının bütün üzvlərinin səmərəli və mənalı istirahəti üçün bundan sonra da müvafiq addımlar atılacaq.9 (1).jpg 124.45 KB8 (1).jpg 203.55 KB7 (3).jpg 205.93 KB6 (2).jpg 123.85 KB5 (3).jpg 183.31 KB4 (3).jpg 306.61 KB3-1 (1).jpg 87.85 KB2-1 (1).jpg 193.99 KB

23.07.2024

Keçidlər

Qalereya

Videolar

Bizimlə əlaqə

Bizimlə əlaqə üçün aşağıdakı məlumatlardan istifadə edin

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo